23.11.2023

Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nazgül Saqindikovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycanla Qazaxıstan arasında xalqlarımızın tarixi, mədəni və dini birliyinə əsaslanan ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O, əmək və məşğulluq, sosial müdafiə sahələrində də iki ölkənin əməkdaşlığının genişlənməkdə olduğunu bildirib. 

Ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində son illər aparılan islahatların uğurları, sosial sahədə geniş elektronlaşdırma proqramının nailiyyətləri barədə məlumat verilib. 

Ötən ilin iyul ayından əlillik sahəsində tətbiqinə başlanan yeni meyarların üstünlükləri, ölkədə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulduğu diqqətə çatdırılıb. Hər iki ölkədə aparılan sosial islahatlarla bağlı fəal təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb.

N.Saqindikova Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirib. O, əmək və sosial müdafiə, əlillik və reabilitasiya sahələrində aparılan islahatlar prosesində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Görüşdə həyata keçirilən sosial islahatlara və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.