Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağstafa, Ağcabədi, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Xaçmaz, Xızı, İmişli, Kürdəmir, Qazax, Quba, Lerik və Masallı rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 fərdi ev təqdim olunub.
Ağstafa rayonunda fərdi evlərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev və Ağstafa rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynov iştirak ediblər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən genişmiqyaslı sosial dəstək tədbirlərindən bəhs olunub.
Bildirilib ki, bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4400, ümumilikdə ötən dövrdə isə 13200 mənzil və fərdi ev verilib.
Postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Yeni evlərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.