Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Xızı rayonunun Giləzi qəsəbəsində şəhid kapitan Saleh Qurbanovun ailəsini ziyarət edib.
Saleh Qurbanov 1990-cı il aprelin 14-də anadan olub.
44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan Saleh Cəbrayıl, Xocavənd və Laçın istiqamətində igidlik göstərib.
“Qartal” ləqəbli Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. Şəhidin bir övladı yadigar qalıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Şəhidin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.
Görüş zamanı şəhidimizin vətənpərvərliyindən, döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. Bütün şəhidlərimiz kimi, Saleh Qurbanovun da əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
Ailənin bundan sonra da daima qayğı ilə əhatə olunacağı qeyd olunub.