29.12.2022

“Sehrli qala” yarmarkası çərçivəsində əlilliyi olan şəxslərin əl işlərinin satışı həyata keçirilir

Qoşa qala qapısı meydanında keçirilən yarmarkada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işləri nümayiş etdirilir.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən yarmarka qadın sahibkarlar və həssas kateqoriyaya aid şəxslərə dəstək məqsədi daşıyır. 

Yarmarka çərçivəsində 25 əlilliyi olan şəxsin hazırladığı 950 ədəd əl işi satışa çıxarılıb. 8 istiqamət üzrə hazırlanan əl işlərinə müxtəlif aksessuarlar, dekorativ əşyalar, oyuncaqlar və suvenirlər aiddir.  

Sözügedən yarmarkaya əlilliyi olan şəxslərin cəlb olunması həm onların sosial inteqrasiyasına dəstək verilməsində, həm də məhsul və əl işlərinin geniş istehlakçı auditoriyasına tanıdılmasında mühüm rol oynayır. 

Yeni il satış yarmarkası yanvarın 17-sinə kimi davam edəcək.