Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Şəki və Salyanda yerləşən penitensiar xidmət müəssisələrində “İnsan Hüquqları Aylığı”na həsr edilən tədbir keçirilib.
Şəkidə təşkil edilən tədbirdə məhkumluqdan azad olunmağına üç ay qalmış 30 şəxslə anket sorğusu əsasında qiymətləndirmə aparılıb və onlardan 9 nəfər ilkin sosial-psixoloji qiymətləndirməyə cəlb olunublar.
Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə də məhkumluqdan azad olunmağına üç ay qalmış daha 30 nəfərin anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb. Onlardan isə 7 nəfəri ilkin sosial-psixoloji qiymətləndirməyə cəlb olunub.
Qeyd edək ki, sosial xidmətə ehtiyacı olan şəxslərə sosial reabilitasiya və adaptasiya yönümlü tədbirlər “Sosial İşin İdarə Edilməsi” (“Keys Menecment”) sistemi vasitəsilə sosial işçilər tərəfindən idarə edilir. Göstərilən yardımlar könüllülük prinsipi və şəxsin razılığı əsasında həyata keçirilir.
Reabilitasiya prosesində şəxsə ilkin olaraq psixoloji yardım göstərilir, ehtiyac olduğu təqdirdə o, tibbi xidmətlərə yönləndirilir. Eyni zamanda cəmiyyətə qayıdışına hazırlıq prosesi həyata keçirilir, cəzaçəkmədən azad olunan şəxslərin ailələrinə səfərlər təşkil olunur və onlarla aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq müvafiq xidmətlərlə əhatə olunurlar.