22.11.2023

Sosial İş ixtisasında təhsil alan tələbələr üçün Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə ekskursiya təşkil olunub

Sosial iş ixtisasında təhsil alan tələbələr üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə ekskursiya təşkil olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin bir qrup tələbəsinin iştirak etdiyi ekskursiya çərçivəsində Mərkəzlə ətraflı tanışlıq olub.

Qonaqlara məlumat verilib ki, bu müəssisədə sakinlərə fərdi reabilitasiya proqramı çərçivəsində müvafiq xidmətlər göstərilir, 15-29 yaşlı əlilliyi olan şəxslər peşə hazırlığı və peşə reabilitasiyasına cəlb edilirlər.

Sosial iş sahəsində təhsil alan gənclər müəssisənin iş fəaliyyəti ilə tanış olub, peşə öyrənən gənclərlə görüşərək onların sosial reabilitasiyası prosesini yaxından izləyiblər.

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzində kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Bu ilin ötən dövründə Mərkəzdə 552 nəfər müvafiq xidmətlərdən yararlanıb.