Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində hazırda 306 şəxsə yarımstasionar formada xidmət göstərilir.
Bu mərkəzlərdə əlilliyi olan uşaqlarla yanaşı, zorakılığın müxtəlif növlərinə məruz qalan, sosial xidmətə ehtiyacı olan, eləcə də repatriasiya edilmiş şəxslər sosial reabilitasiya xidmətlərindən yararlanırlar.
Agentliyin mütəxəssisləri xüsusi qayğıya ehtiyacı olan uşaqları sosial-psixoloji, sosial-pedaqoji, loqopedik və aktiv terapiya xidmətlərinə cəlb edirlər.
Bununla yanaşı onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də sosial adaptasiyası məqsədilə bir çox fəaliyyətlər həyata keçirilir, uşaqların valideynləri üçün valideynlik bacarıqlarının artırılması istiqamətində təlimlər təşkil edilir.
Agentliyin ölkə üzrə 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir.
Mərkəzlərdə göstərilən xidmətlərdən yararlanmaq istəyən şəxslər Sosial Xidmətlər Agentliyinə və Agentliyin müvafiq filiallarına müraciət edə bilərlər.