04.11.2024

Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin ilkin səhiyyə xidməti müəssisələrində çalışan əməkdaşları üçün təlimlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə TƏBİB arasında mövcud olan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna uyğun olaraq təlimlər keçirilib.

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan ilkin səhiyyə xidməti müəssisələrində çalışan əməkdaşların cəlb olunduğu təlimlər “Sosial və tibbi xidmətlərin koordinasiyalı fəaliyyəti” mövzusuna həsr edilib.

Ümumilikdə, ilkin səhiyyə müəssisələrində çalışan 165 nəfər işçinin cəlb olunduğu təlimlər Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini, beynəlxalq sertifikatlı təlimçi Sərvər Abdullayev tərəfindən keçirilib. Təlimçi Agentliyin fəaliyyəti, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzləri, sosial xidmətlərə dair istifadədə olan mobil tətbiqlər və digər resurslar, həmçinin digər mövzularda təqdimatlarla çıxış edib.

Maarifləndirici təlimlər “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq yarımbəndlərinin icrası məqsədilə keçirilib.

Bir ay ərzində davam edən təlimlərin məqsədi əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması, mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və s. məsələlər olub.

Təlimlər sual-cavab sessiyası şəklində davam etdirilib, iştirakçıları maraqlandıran bütün suallar cavablandırılıb.