22.04.2024

Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Dövlət Universitetində karyera günü təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Dövlət Universitetində karyera günü təşkil edilib. 

Görüşdə Sosial elmlər və psixologiya fakültəsinin tələbələri və yeni məzunları iştirak ediblər. 

Tərəflər arasında imzalanmış memoranduma əsasən keçirilən görüşdə tələbələrə Agentliyin fəaliyyətində “Sosial iş” və “Psixologiya” ixtisaslarının əhəmiyyəti barədə məlumat verilib. 

Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin müdir müavini Ülkər Şahbazova, Yarımstasionar sosial xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Xudanlı və Strateji planlaşdırma şöbəsinin böyük mütəxəssisi Fərid Cəfərov Agentlikdə təcrübə keçmək imkanları, karyerada diqqət etməli olduqları xüsusi məqamlar və digər mövzularla bağlı çıxış ediblər. 

İştirakçılara karyerada araşdırmanın mərhələləri, eləcə də karyera planlamasının üstünlükləri barədə yerli və beynəlxalq mənbələrə əsaslanan təlim keçilib, şəxsi inkişaf baradə müxtəlif istiqamətlər verilib və real təcrübələrə uyğun nümunələr təqdim edilib. 

Sonra Bakı Dövlət Universitetinin məzunu olan və Sosial Xidmətlər Agentliyində uğurlu karyera yolu keçən əməkdaşlar motivasiyaverici təcrübələrini paylaşıblar. 

Görüş çərçivəsində tələbələri maraqlandıran suallar da cavablandırılıb.