26.07.2024

Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti qrup terapiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti qrup terapiyası təşkil edilib. 

Bu dəfəki qrup terapiyasına Agentliyin Nərimanovda yerləşən İxtisaslaşmış Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən bəhrələnən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar və onların valideynləri cəlb edilib. 

Qrup terapiyasının məqsədi valideynlərə övladlarının hisslərini və davranışlarını anlamağa, ailədaxili ünsiyyəti yaxşılaşdırmağa və valideyn-övlad münasibətlərini gücləndirməyə dəstək olmaqdır. 

Görüşdə valideynlər təcrübələrini paylaşmaq, məsləhət almaq və effektiv valideynlik strategiyalarını öyrənmək imkanı əldə ediblər. Terapiya zamanı müxtəlif  psixoloji  oyunlar və qrup terapiyasının fərqli texnikalarından istifadə edilib. 

Həmçinin, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların kiçik və böyük motor, qavrama bacarıqlarının inkişafı üçün öyrədici və əyləncəli oyunlardan ibarət qrup məşğələsi təşkil edilib. 

Sosial Xidmət Mərkəzlərində bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulub.