Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə görüş keçirilib. Görüşdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, ədliyyə nazirinin müşaviri Elvin Hətəmzadə və Probasiya xidmətinin rəisi Vüqar Ağayev iştirak ediblər.
Probasiya xidmətində olan məhkumların sosial adaptasiyası istiqamətində görülən işlərlə bağlı məlumat verilib. Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial-psixoloji xidmətə tələbatının qiymətləndirilməsi mövzusu geniş müzakirə edilib.
Həmçinin, məhkumların sosial adaptasiyası ilə bağlı məsələlər təhlil olunub, bu sahədə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, probasiya nəzarəti tətbiq edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk yarımili ərzində 477 nəfərə sosial adaptasiya xidmətləri göstərilib.