Agentlik tərəfindən bu il 20 minədək şəxs səyyar və stasionar sosial xidmətlərlə təmin olunub
Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramının bir istiqaməti kimi, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4300, ümumilikdə ötən dövrdə isə 13100 mənzil və fərdi ev verilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.
Sosial Xidmətlər Agentliyi tərəfindən 2022-ci ildə görülən işlərin yekunlarına həsr olunan mətbuat konfransında V.Behbudov həmçinin postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən artıq avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verildiyini qeyd edib.
Bildirilib ki, keçmiş məcburi köçkünlər üçün Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışı həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 23 yanvar 2023-ci il 10:00-da həmin mənzillərin onlayn satışına başlanacaq. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
2022-ci il ərzində şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, əlilliyi olan digər şəxslər də daxil olmaqla 2863 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Onlardan 502 nəfəri şəhid ailəsi üzvləridir.
Bu il 7005 nəfərə səyyar sosial xidmət göstərilib. Hazırda Agentlik tərəfindən 3888 nəfəri ahıl, 480 nəfəri əlilliyi olan şəxs olmaqla ümumilikdə 4368 nəfərə sosial-məişət xidməti göstərilir.
2022-ci ildə İraq və Suriyadan ümumilikdə 66 nəfər vətəndaşımız repatriasiya olunub ki, onlardan da 64 nəfəri Agentliyin tabeliyində olan sosial xidmət müəssisəsinə yerləşdirilib və sosial reabilitasiya yönümlü dəstək tədbirləri ilə əhatə olunublar. Ümumilikdə digər qurumlarla əməkdaşlıq çərçivəsində bu kateqoriyaya aid şəxslərin yaşadığı 155 ailə ilə iş aparılır.
1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 355 uşaq övladlığa verilib. Onlardan 207 nəfəri bu il övladlığa verilən uşaqlardır. Paralel olaraq himayədar ailə institunun formalaşdırılması istiqamətində də işlər aparılır.
Sosial layihələr çərçivəsində 2022-ci il ərzində 25 rayon və şəhəri əhatə edən sosial reabilitasiya mərkəzlərində 2500 nəfər 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, günərzi qayğı mərkəzlərində isə 1350 şəxsə xidmət göstərilib.