15.02.2024

Sosial Xidmətlər Agentliyində Milli Olimpiya Komitəsinin nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Milli Olimpiya Komitəsinin nümayəndələri ilə görüş keçirilib. 

Görüş peşəkar idman növlərinin uşaqlar arasında təbliği, idman kütləviliyinin artırılması üçün uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərinin də idman layihələrinə cəlb edilməsi məqsədilə keçirilib. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qonaqlara həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər barədə məlumat verib. 

Sədr qeyd edib ki, Agentlik əlilliyi olan şəxsləri bədən tərbiyəsi və idmana cəlb etməklə onların beynəlxalq yarışlarda iştirakına şərait yaratmaq istiqamətində də fəaliyyəti həyata keçirir. Agentliyin sosial xidmət müəssisələrində uşaq və əlilliyi olan şəxslərin, xüsusilə gənclərin idmana cəlb edilməsi, idman bacarıqlarının formalaşması və sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlərə xüsusi yer ayrılır. 

Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində əlilliyi olan şəxslərin idmanla məşğul olması, idman bacarıqlarının artırılması, müxtəlif idman yarışlarına hazırlıq, həmçinin tibbi-sosial reabilitasiyalarının təşkili ilə bağlı iş aparılır. 

Həmçinin Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində bu kateqoriyadan olan gənclər paralimpiya idman məşqlərinin təlimlərinə (BOCCİA, qılıncoynatma, yüngül atletika, parataekvando, qol-bol və s.) də cəlb edilirlər. 

Milli Olimpiya Komitəsinin Beynəlxalq proqramlar idarəsinin rəisi Mehman Kərimov, Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucov, Azərbaycan Atletlər Komissiyasının sədr müavini Fəridə Əzizova və Milli Olimpiya Komitəsinin Beynəlxalq proqramlar idarəsinin məsləhətçisi Ceyhun Rəhmanov çıxışlarında uşaq və əlilliyi olan gənclərin idmana cəlb edilməsi sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıblar. 

Görüşdə bu kateqoriyadan uşaqların sağlam həyat tərzinə və idman bacarıqlarının formalaşmasına yönəlmiş tədbirlərə cəlb edilməsi sahəsində birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.