25.04.2024

Sosial Xidmətlər Agentliyində Türkiyənin Sakarya universitetinin professoru Mehmet Zafer Danışla görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Türkiyənin Sakarya universitetinin professoru Mehmet Zafer Danışla görüş keçirilib. 

Türkiyəli mütəxəssis “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsi çərçivəsində ölkəmizə dəvət edilib. 

Layihə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə icra olunur. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev qonağa Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, ölkəmizdə sosial müdafiənin təşkili və həssas əhali qruplarına göstərilən xidmətlər barədə məlumat verib. 

Bildirilib ki, Agentlik tərəfindən küçə mühitində olan, habelə, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlara müvafiq sosial xidmətlər göstərilir. Onların ailələrinə reinteqrasiyası, himayədar ailələrə və ya övladlığa verilməsi ilə bağlı iş aparılır. 

Qeyd edək ki, layihə çərçivəsində aparılan təlimlərdə Agentliyin 20-yə yaxın əməkdaşı, eləcə də digər dövlət qurumlarının müvafiq sahədə çalışan nümayəndələri iştirak ediblər.

Təlimlərdə sosial iş, sosial xidmətin təşkili, xarici ölkələrdə sosial müdafiə sistemi, səyyar sosial xidmətlər, uşaq hüquqları və digər mühüm mövzularda təqdimatlar edilib və müzakirələr aparılıb.