21.08.2024

Sosial Xidmətlər Agentliyində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Aadrian Sullivan və Turana Əliyeva ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Aadrian Sullivan və Turana Əliyeva ilə görüş keçirilib.

Görüş köməkçi Texnologiya üzrə Qlobal Tərəfdaşlıq və ÜST Avropa Regional Bürosu tərəfindən “Səhiyyə və sosial müdafiə sistemlərində köməkçi məhsullara çıxışın genişləndirilməsi” layihəsi ilə bağlı ölkəmizdə həyata keçirilən texnologiya üzrə bazar təhlili missiyası çərçivəsində təşkil edilib.

Agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva və Stasionar sosial xidmətlərin təşkili departamentinin keyfiyyətə nəzarət şöbəsinin müdiri Sevinc Əmirova qonaqlara əlilliyi olan şəxslərə göstərilən sosial xidmətlər barədə məlumat veriblər.

Bildirilib ki, Agentlik həssas əhali qruplarından olan və xüsusi qayğıya ehtiyacı olan hər kəsi müxtəlif sosial xidmətlərlə təmin edir. Bu xidmətlər səyyar, stasionar və yarımstasionar formada həyata keçirilir.

ÜST-nin regional ofisinin bazar təhlili üzrə məsləhətçisi Aadrian Sullivan bildirib ki, layihənin məqsədi Azərbaycanda köməkçi texnologiya sektorunu gücləndirmək üçün əsas məhsul və xidmətlərə davamlı çıxışı təmin etmək, bu istiqamətdə əlverişli bazar şəraitini inkişaf etdirmək və strateji tərəfdaşlıqlar qurmaqdır.  

Qonaqlar Agentlik tərəfindən əlilliyi olan şəxslərə göstərilən xidmətləri yüksək qiymətləndiriblər.