19.03.2026

Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün təlim keçilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün “Ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmin edilməsi və müstəqil həyata hazırlıq üzrə Ailə Tərbiyəsinə Dəstək Mərkəzlərinin əsas fəaliyyət istiqamətləri” mövzusunda təlim təşkil olunub.

“Naş Dom” Sosial Rifah Mərkəzinin əməkdaşları tərəfindən keçilən təlimdə müasir sosial qayğı sistemində mərkəzlərin rolu, uşaqların bioloji ailə bağlarının qorunması və bu sahədə risklərin qarşısının alınmasının əhəmiyyətindən bəhs edilib.

Təlim çərçivəsində uşaqların ailə mühitinə yerləşdirilməsi mexanizmləri, alternativ ailə qayğısı, həmçinin bu sahədə tətbiq olunan müxtəlif dəstək proqramları haqqında danışılıb. Eyni zamanda müəssisədə böyüyən uşaqların müstəqil həyata hazırlanması, onların sosial adaptasiyası və həyat bacarıqlarının formalaşdırılması istiqamətində aparılan işlərə toxunulub.

Eləcə də uşaqların fərdi inkişaf xüsusiyyətlərini nəzərə alan tərbiyə proqramları və mərkəzin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib.