Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov şəhid Sərxan Köklərovun Balakənin Tülü kəndində yaşayan ailəsini şəhidin vəfatının ildönümü ərəfəsində ziyarət edib.
Agentlik sədri şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib.
Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə olan xüsusi diqqətindən danışan sədr bildirib ki, bu kateqoriyadan olan vətəndaşlarımızın sosial müdafiəsi məqsədilə həyata keçirilən tədbirlər son illərdə daha da gücləndirilib. Bu işlər sürətlə davam etməkdədir.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sərxan Eyvaz oğlu Köklərov 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun apardığı lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə istiqamətində şəhid olub. Şəhidimiz dünyaya gəldiyi Balakən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Sərxan Köklərovun bir oğlu və iki qızı yadigar qalıb.
Dövlət başçısının müvafiq Sərəncamları ilə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif edilib.