Prezident İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında #İnsanAlverinəQarşıMübarizə yə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti belə tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə 7 saylı Bakı "ASAN xidmət" mərkəzində keçirilib.
Mərkəzin könüllülərinin cəlb olunduğu maarifləndirici görüşdə iştirakçılara Əvvəlcə Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Mərkəzdə insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar verilir, sosial-psixoloji və digər yardımlar göstərilir. Mərkəzin əsas funksiyası insan alveri qurbanları və insan alverinin potensial qurbanları ilə sosial işin aparılması, habelə insan alveri qurbanlarının sosial reabilitasiyası vasitəsilə onların cəmiyyətə reinteqrasiyasına və normal həyat tərzinə qaytarılmasına köməklik göstərilməsidir.
Sonra Mərkəzin mütəxəssisləri insan alveri mövhumu, onun mahiyyəti və formaları, qanunvericilikdə necə təsbit olunmasından danışıblar.
Görüşdə insanların müxtəlif yollarla aldadılıb xarici ölkələrə aparılması və insan alveri qurbanlarına çevrilməsi, bu kimi hallara qarşı mübarizə üsullarına diqqət çəkilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.