17.11.2023

“Təhsildə sosial iş” layihəsinin ölkə üzrə həyata keçirilməsinə başlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Təhsildə sosial iş” layihəsinin ölkə üzrə həyata keçirilməsinə başlanıb. 

Bu münasibətlə təşkil edilən onlayn görüşdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev layihənin əhəmiyyətinə diqqət çəkib. Sədr müavini bildirib ki, layihənin məqsədi orta məktəblərdə həssas əhali qruplarından olan uşaqların erkən aşkarlanması, onların ailələri ilə sosial işin aparılması yolu ilə çətin həyat şəraiti ilə qarşılaşmalarının qarşısının alınmasıdır. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova qeyd edib ki, sosial təhlükəli vəziyyətdə olan uşaqların hər biri ilə keys menecment sisteminə uyğun olaraq fərdi iş aparılır. 

Çıxışlarda layihənin hazırki icra vəziyyəti və növbəti mərhələlər barədə məlumat verilib və təqdimatlar edilib. 

Layihənin şagirdlərin akademik və sosial uğurlarını dəstəkləməklə yanaşı, onların ailələrinə, həmçinin məktəbin işçi heyətinə böyük dəstək olacağından əminlik ifadə olunub.