29.12.2022

Vətən müharibəsi şəhidi Elməddin Mustafayevin ailəsinə ev təqdim edilib

Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Elməddin Mustafayevin ailəsi üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evi həmin ailəyə təqdim olunub. 

Qəbələ şəhərində fərdi yaşayış evinin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur Novruzov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər. 

Bildirilib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramı həyata keçirilir. Həmin dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4400, ümumilikdə ötən dövrdə isə 13200 mənzil və fərdi ev verilib. 

Şəhid Elməddin Mustafayevin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, bu gün isə yeni fərdi evlə təmin olunduqlarına görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər.