02.06.2023

Vüqar Behbudov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaş qəbulu keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaş qəbulu keçirib.

Qəbulda bu rayonun 15-ə yaxın sakini iştirak edib. İmtiyazlı şəxslərin fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdən olan müraciətləri dinlənilib.

Müraciətlərə qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında növbəlilik qaydasında baxılıb və qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Mütəmadi olaraq keçirilən qəbullar vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədi daşıyır.

Vətəndaşlar müraciətlərini həmçinin Sosial Xidmətlər Agentliyinin 116123 “Qayğı” Çağrı Mərkəzi, (+994 12) 525 41 30 qaynar xətti, (+994 50) 525 41 30 WhatsApp sosial platforması, eləcə də Agentliyin sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər.