21.06.2024

Xızıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

      Ötən dövrdə Xızı rayonunda 209 şəxs özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaradıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov özünüməşğulluq proqramı çərçivəsində Xızı rayon sakinləri – şəhid anası  Verdiyeva Səyyarə Mirzəbala qızı və Məmmədov Əfqan Əliyar oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

S.Verdiyeva və Ə.Məmmədov özünüməşğulluq proqramı əsasında verilmiş aktivlər hesabına maldarlıq üzrə təsərrüfatlarını qurublar. Onlar işsiz şəxslərə kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, təsərrüfatlarını genişləndirmək üçün səylə çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, ötən dövrdə Xızı rayonunda 209 nəfər  işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.