26.05.2023

Zirə Mədəniyyət Mərkəzi - EKO Parkına ekskursiya təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələri tərəfindən xidmət göstərilən uşaqlar üçün Zirə Mədəniyyət Mərkəzi - EKO Parkına ekskursiya təşkil edilib. 
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan ziyarətə Agentliyin 1 və 2 saylı psixonevroloji sosial xidmət müəssisələrinin, eyni zamanda Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin xidmətlərindən yararlanan uşaqlar cəlb olunub. 
Ziyarətin məqsədi həssas əhali qruplarından olan azyaşlıların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir. 

Gəzinti zamanı 70 nəfərdən ibarət olan iştirakçı qrupu Zirə Mədəniyyət Mərkəzinin Art-studiyasında yaradılan rəsm əsərlərinə və Xalça Muzeyində müasir xalçaçılıq nümunələrinə tamaşa ediblər. 

Sonda EKO Parkın uşaq oyun meydançasında əylənən uşaqlar üçün ekskursiya xoş təəssüratlarla yadda qalıb.