Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
4. “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
5. Müəyyən edilsin ki:
5.1. bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir;
5.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçir;
5.3. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondu bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq onlara keçən əmlak hesabına formalaşır;
5.4. bu Fərmanın 7.6-cı bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində göstərilən səlahiyyətlərini, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
5.5. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin əməkhaqqına “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına və Əmək Məcəlləsinə uyğun olaraq cərimələrdən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq maliyyə sanksiyalarından və faiz məbləğlərindən əldə olunan vəsait hesabına əlavələr, mükafatlar və digər ödənişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu vəsaitdən istifadəyə dair müəyyən etdiyi qaydalara uyğun olaraq müəyyən edilir.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. bu Fərmanın 7.6-cı bəndinə əsasən “Sosial xidmətlər haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulan sosial xidmət müəssisələrinin və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət reabilitasiya müəssisələrinin nümunəvi nizamnamələrini, onların xüsusiyyətləri nəzərə alınmaqla, üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
6.2. dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
7.1. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
7.2. bir ay müddətində:
7.2.1. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin strukturunu təsdiq etsin;
7.2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etsin;
7.2.3. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin say həddini və əməkhaqlarını ( o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişlər bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla) təsdiq etsin;
7.3. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin istifadəsində olan dövlət əmlakının üç ay müddətində bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərə verilməsini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına uyğun olaraq təmin etmək üçün, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla tədbirlər görsün;
7.4. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün;
7.5. Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
7.6. Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;
7.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etsin;
7.8. hər il üçün dövlət və icmal büdcələrin tərtibi zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən əmək pensiyalarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməli olan hissəsi üçün dövlət büdcəsindən ayrılmalı olan, o cümlədən ayrılacaq vəsaitin aylıq, rüblük və illik bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
7.9. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Sosial Xidmətlər Agentliyinin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;
7.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2020-ci il
№ 1077
Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi
1. Ümumi müddəalar
1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. [18]
1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur.
1.4. Agentlik bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Agentlik ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə, bank hesabları, loqotipi (emblemi), Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.4. sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək;
2.1.5. himayədar ailə və övladlığagötürmə sahələrində bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək; [19]
2.1.6. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və təklifləri dəstəkləmək;
2.1.7. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsini təşkil etmək və həyata keçirmək;
3.1.3. müvafiq sahədə zəruri infrastrukturun və şəraitin, o cümlədən maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi ilə bağlı tədbirlər görmək;
3.1.4. sosial xidmətə ehtiyacı olan şəxslərin digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etməsinə imkan yaradılması üçün tədbirlər həyata keçirmək, bayramlarda və digər əlamətdar günlərdə müxtəlif həvəsləndirici tədbirlər təşkil etmək;
3.1.5. əlilliyi olan şəxslərin sosial müdafiəsinə dair təhlillər aparmaq, bədən tərbiyəsi və idmana cəlb etməklə onların beynəlxalq yarışlarda iştirakına şərait yaratmaq, əlilliyi olan şəxslər üçün ixtisaslaşdırılmış idman-sağlamlıq mərkəzlərinin yaradılması və əlilliyi olan istedadlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların aşkar edilməsi məqsədilə tədbirlər görmək; [20]
3.1.6. müəyyən yaşayış yeri olmayan şəxslərin müvəqqəti sığınacaqla təmin olunması barədə qərar qəbul etmək;
3.1.7. baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, təhsilə cəlb olunmayan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, ahıllıq, xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə yerləşdirilməsi barədə qərar qəbul etmək; [21]
3.1.8. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin, o cümlədən məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi və onlara psixoloji yardım göstərilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə dövlət yardım mərkəzləri yaratmaq və qeyri-dövlət yardım mərkəzlərini akkreditasiyadan keçirmək;
3.1.9. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alveri qurbanları üçün aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla yaradılan yardım mərkəzlərində olanların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqdimatı əsasında peşə və sosial reabilitasiyasını həyata keçirmək;
3.1.10. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinə qəbulunu təmin etmək;
3.1.11. əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiya müəssisələrində reabilitasiyası ilə bağlı tədbirlər görmək;
3.1.12. qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda vətəndaşların sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilməsini təşkil etmək;
3.1.13. uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının tabeliyindəki “Məzun evi” sosial xidmət müəssisəsində mənzillə təmin olunması üçün tədbirlər görmək;
3.1.14. baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, habelə görmə qabiliyyəti məhdudluğu olan 5–29 yaşlı şəxslərin sosial reabilitasiyasını həyata keçirmək;
3.1.15. “Əmək veteranı” adı və vəsiqəsinin verilməsini təmin etmək;
3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək;
3.1.16-1. dövlət icbari şəxsi sığorta vəsaiti hesabına müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı işlərin maliyyələşdirilməsi məqsədilə müvafiq tədbirlər görmək; [22]
3.1.17. xüsusi avtonəqliyyat almaq üçün tibbi göstəriş əsasında əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi məqsədilə tədbirlər görmək;
3.1.18. fəaliyyət istiqamətinə uyğun olaraq, sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək, müqavilələr bağlamaq və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək;
3.1.19. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirmək, həmin şəxslərin tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işi təşkil etmək;
3.1.20. vətəndaşlara (çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında ödənişli xidmətlər göstərmək;
3.1.21. tabeliyində olan ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisələrin fəaliyyətində sosial reabilitasiyanın müasir metodika və texnologiyalarını tətbiq etmək, onların fəaliyyətinə nəzarət etmək, həmin müəssisələrin və sosial xidmət şəbəkəsinin inkişafına dair təklifləri Nazirliyə təqdim etmək;
3.1.22. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin), habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılmasını təmin etmək; [23]
3.1.23. övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək;
3.1.24. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini həyata keçirmək;
3.1.24-1. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar qəbul etmək;
3.1.24-2. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görmək;
3.1.24-3. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində tədbirlər görmək, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarını hazırlamaq;
3.1.24-4. himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarını həyata keçirmək;
3.1.24-5. himayədar ailə və valideyn himayəsindən məhrum olmuş uşaqların mənafeyinin müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikasının Ailə Məcəlləsindən irəli gələn digər vəzifələri yerinə yetirmək. [24]
3.1.25. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.25-1. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək; [25]
3.1.26. müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;
3.1.27. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;
3.1.28. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək;
3.1.29. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.30. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.31. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.32. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.33. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.34. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.35. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı Nazirliyə təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.36. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.37. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.38. müvafiq sahə ilə bağlı innovativ layihələrin (o cümlədən startapların) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;
3.1.39. fəaliyyəti ilə bağlı malların (işlərin və xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;
3.1.40. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ-hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə Nazirliyə təklif vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;
3.2.3. icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;
3.2.4. müvafiq sahədə dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.6. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.7. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.8. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.9. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.10. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.12. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.
4.3. İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. İdarə Heyəti 4 (dörd) nəfərdən – Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir.
4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.5.2. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;
4.5.3. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;
4.5.4. Agentliyin strukturunun, habelə işçilərinin sayının yuxarı həddinin və əməkhaqlarının (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək;
4.5.5. Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;
4.5.6. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirakı barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.5.7. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.8. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;
4.5.9. Nazirliyin razılığı ilə Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.5.11. Agentlikdə daxili audit bölməsi yaradıldığı halda, daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə bu Nizamnamənin 4.11.10-cu yarımbəndi nəzərə alınmaqla onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.5.12. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.13. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.14. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.5.15. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.5.16. bu Nizamnamənin 3.1.28-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.5.18. təsisçinin və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.7. İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
4.8. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.
4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.11. İdarə Heyətinin sədri:
4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.11.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.11.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.11.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.11.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.11.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;
4.11.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
4.11.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir;
4.11.11. Agentliyin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.11.12. Agentliyin Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.11.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı işçi qruplar və komissiyalar yaradır;
4.11.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.11.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.11.16. müavinləri və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;
4.11.17. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
4.12. İdarə Heyətinin üzvləri:
4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.12.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Agentliyin nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququ vardır.
5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə, müvafiq olaraq, dövlət büdcəsinə və ya yerli büdcəyə köçürülə bilər.
5.6. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını tərtib və təqdim edir.
7.3. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.4. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.5. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 18 may 2021-ci il tarixli 1339 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 446)
2. 12 iyun 2021-ci il tarixli 1357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 572)
3. 18 avqust 2021-ci il tarixli 1431 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 923)
4. 21 sentyabr 2021-ci il tarixli 1447 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 987)
5. 29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403)
6. 13 aprel 2022-ci il tarixli 1662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 aprel 2022-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 323)
7. 23 aprel 2022-ci il tarixli 1668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2022-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 329)
8. 17 aprel 2023-cü il tarixli 2108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80)
9. 12 iyul 2023-cü il tarixli 2211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Xalq” qəzeti, 13 iyul 2023-cü il, № 144)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1.1-ci bəndinə “könüllü (əlavə) sosial sığorta,” sözlərindən sonra “dövlət icbari şəxsi sığorta,” sözləri əlavə edilmişdir.
[2] 29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nə yeni məzmunda 2.1.5-1-ci, 3.1.4-1-ci və 3.1.8-1-ci yarımbəndlər əlavə edilmişdir.
[3] 21 sentyabr 2021-ci il tarixli 1447 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 987) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.1.2-ci və 3.2.2-ci yarımbəndlərində “Fondun” sözü “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilmişdir.
[4] 21 sentyabr 2021-ci il tarixli 1447 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 987) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.1.3-cü yarımbəndində “Fondun növbəti il üçün” sözləri “növbəti il üçün dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilmişdir.
[5] 29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.1.9-cu və 3.2.12-ci yarımbəndlərinə “sosial sığorta” sözlərindən sonra “və dövlət icbari şəxsi sığorta” sözləri əlavə edilmişdir.
[6] 17 aprel 2023-cü il tarixli 2108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.1.12-ci yarımbəndi ləğv edilmişdir.
[7] 23 aprel 2022-ci il tarixli 1668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2022-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 329) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nə yeni məzmunda 3.1.21-1-ci yarımbənd əlavə edilmişdir.
[8] 29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nə yeni məzmunda 3.2.4-1-ci və 3.2.4-2-ci yarımbəndlər əlavə edilmişdir.
[9] 29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.2.11-ci yarımbəndinə “sərbəst vəsaitin” sözlərindən sonra “və dövlət şəxsi icbari sığorta vəsaitindən formalaşdırılan sığorta ehtiyatının depozitə” sözləri əlavə edilmişdir.
[10] 21 sentyabr 2021-ci il tarixli 1447 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 987) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 4.5.14-cü yarımbəndinə “habelə” sözündən sonra “dövlət sosial müdafiə fondunun” sözləri əlavə edilmişdir.
[11] 29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 5.3-cü bəndinə “məcburi dövlət sosial sığorta vəsaitindən,” sözlərindən sonra “dövlət icbari şəxsi sığorta sahəsində Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən daxil olan dövlət icbari şəxsi sığorta vəsaitindən,” sözləri əlavə edilmişdir.
[12] 18 may 2021-ci il tarixli 1339 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 446) ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 5.7-ci bəndinə “saxlanma xərcləri” sözlərindən sonra “və dövlət icbari şəxsi sığortası vəsaitləri” sözləri əlavə edilmişdir.
[13] 23 aprel 2022-ci il tarixli 1668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2022-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 329) ilə “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.19-1-ci yarımbənd əlavə edilmişdir.
[14] 18 avqust 2021-ci il tarixli 1431 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 923) ilə “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.3-cü yarımbəndində “əlilliyinin dərəcəsini” sözləri “orqanizminin funksiyalarının pozulması faizini” sözləri ilə əvəz edilmişdir.
[15] 12 iyun 2021-ci il tarixli 1357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 572) ilə “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.6-cı yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.
[16] 13 aprel 2022-ci il tarixli 1662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 aprel 2022-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 323) ilə “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.14-cü yarımbəndinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.
[17] 23 aprel 2022-ci il tarixli 1668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2022-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 329) ilə “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.23-1-ci yarımbənd əlavə edilmişdir.
[18] 12 iyul 2023-cü il tarixli 2211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Xalq” qəzeti, 13 iyul 2023-cü il, № 144) ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndə “habelə” sözündən sonra “himayədar ailə və” sözləri əlavə edilmişdir.
[19] 12 iyul 2023-cü il tarixli 2211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Xalq” qəzeti, 13 iyul 2023-cü il, № 144) ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 2.1.5-ci yarımbənddə “övladlığagötürmə sahəsində” sözləri “himayədar ailə və övladlığagötürmə sahələrində” sözləri ilə əvəz edilmişdir.
[20] 18 avqust 2021-ci il tarixli 1431 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 923) ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”ndə 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərdən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılmışdır.
[21] 18 avqust 2021-ci il tarixli 1431 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 923) ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1.7-ci yarımbəndində “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilmişdir.
[22] 29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403) ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.16-1-ci yarımbənd əlavə edilmişdir.
[23] 12 iyul 2023-cü il tarixli 2211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Xalq” qəzeti, 13 iyul 2023-cü il, № 144) ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1.22-ci yarımbəndə “vahid” sözündən əvvəl “, habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların” sözləri əlavə edilmişdir.
[24] 12 iyul 2023-cü il tarixli 2211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Xalq” qəzeti, 13 iyul 2023-cü il, № 144) ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.24-1–3.1.24-5-ci yarımbəndlər əlavə edilmişdir.
[25] 23 aprel 2022-ci il tarixli 1668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2022-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 329) ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.25-1-ci yarımbənd əlavə edilmişdir.