1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi

1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi

1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi normativ üzrə 200 çarpayılıq olmaqla, əqli və fiziki sağlamlığı məhdud uşaqların daimi dövlət himayəsində yaşaması üçün yaradılmış bir müəssisədir. 

Müəssisə 1984-cü ildə Mərdəkan qəsəbəsində müasir üslubda tikilmiş binada “Ağıldankəm uşaqlar üçün 3 nömrəli İnternat evi” adı ilə fəaliyyətə başlayıb. Burada uşaqlar daimi olaraq yaşamaqla qida, geyim və lazımi tibb xidməti ilə təmin olunublar. Uşaqlar yaşına, cinsinə, xəstəlik diaqnozlarına uyğun qruplaşdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 fevral 2015 tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi”nin Nizamnaməsi təsdiq edilib. Müəssisə 18 yaşınadək əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi məqsədilə yaradılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərarı ilə “1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib. Nazirliyin Kollegiyasının 30 may 2023-cü il tarixli qərarı ilə müəssisənin adı “1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi” olaraq dəyişdirilib.

“Sosial Xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının təşkil olunması məqsədi ilə xidmətlər göstərilir.

Müəssisəyə çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan (əlilliyi müəyyən edilmiş) şəxslər qəbul edilir.


Müraciət qaydaları:

Müəssisəyə valideynlər, qohumlar, digər qanuni nümayəndələr (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatlarının ərizəsi ilə 5-18 yaşlı təhsilə cəlb olunmayan əlilliyi olan uşaqlar qəbul edilir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1. Uşağın şəxsiyyətini təsdiq edən sənəd;

2. Uşağın əlilliyini müəyyən edən TSEK-in qərarı;

3. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış;

4. Uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

5. 3x4 ölçüdə 2 ədəd fotoşəkil.                                                                                  

 

Qeyd: Ərizə Sosial Xidmətlər Agentliyinin filialları və ya “DOST” mərkəzlərinə daxil olduğu gündən 10 iş günü müddətində uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq Sosial Xidmətlər Agentliyinə göndərilir. 5 iş günü müddətində Agentlik tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

Müəssisənin ünvanı: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 84