Müəssisə 2011-ci ildə Xəzər kiçik qrup evi olaraq inşa edilib. 2012-ci ildən isə 1 saylı Ailə tipli kiçik qrup evi kimi fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarı ilə Təhsil Nazirliyinin, 5 dekabr 2023-cü il tarixli 436 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Sosial xidmət müəssisəsi öz bioloji ailəsinə qaytarılması, həmçinin yaxın müddətdə övladlığa, qəyyumluğa (himayəyə) və himayədar ailəyə verilməsi mümkün olmayan çətin həyat şəraitində olan uşaqların ailə mühitinə yaxın şəraitdə saxlanılmasını, bu müddətdə onların təhsilini, təlim-tərbiyəsini, maddi-məişət şəraitini və hüquqlarının müdafiəsini təmin edir.
Burada “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə xidmətlər göstərilir. Müəssisədə uşaqlar sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi, sosial-pedoqoji və tibbi-sosial xidmətlər ilə təmin olunurlar. Əqli və fiziki inkişafında pozuntu olan, təhsildə çətinlik çəkən uşaqlara sosial-psixoloji və sosial-pedaqoji yardım göstərilir.
Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsi ilə aparılır. O cümlədən müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul edilir.
Qeyd: 1 saylı Ailə tipli kiçik qrup evi yalnız qız uşaqları üçün sosial xidmət göstərir. Müəssisə 12 yerlikdir.
Ünvan: Bakı şəhəri, Xəzər rayon Süvəlan qəsəbəsi Almas İldırım küçəsi 43A