2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi 5 dekabr 1974-cü il tarixində “Saray 7 saylı ağıldankəm uşaqlar üçün internat evi” kimi fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 fevral 2015-ci il tarixli qərarı ilə müəssisənin adı dəyişdirilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi adlandırılıb. Bununla da müəssisə 5-18 yaşlı təhsilə cəlb olunmayan əlilliyi müəyyən edilmiş şəxslərə sosial xidmətin göstərilməsi fəaliyyətini həyata keçirib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərarı ilə müəssisə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi adlandırılıb. Nazirliyin Kollegiyasının 30 may 2023-cü il tarixli qərarı ilə müəssisənin adı “2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi” olaraq dəyişdirilib.
Müəssisə hazırda 5-18 yaşlı təhsilə cəlb olunmayan üçün əlilliyi müəyyən edilmiş şəxslərə stasionar formada sosial xidmətlərin göstərilməsi, onlarla sosial işin aparılması və sosial reabilitasiyanın təşkili ilə bağlı fəaliyyəti həyata keçirir.
Müraciət qaydaları:
Müəssisəyə valideynlər, qohumlar, digər qanuni nümayəndələr (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatlarının ərizəsi ilə 5-18 yaşlı təhsilə cəlb olunmayan əlilliyi olan uşaqlar qəbul edilir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
1. Uşağın şəxsiyyətini təsdiq edən sənəd;
2. Uşağın əlilliyini müəyyən edən TSEK-in qərarı;
3. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış;
4. Uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
5. 3x4 ölçüdə 2 ədəd fotoşəkil.
Qeyd: Ərizə Sosial Xidmətlər Agentliyinin filialları və ya “DOST” mərkəzlərinə daxil olduğu gündən 10 iş günü müddətində uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq Sosial Xidmətlər Agentliyinə göndərilir. 5 iş günü müddətində Agentlik tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.
Müəssisənin ünvanı: Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi, 17