3 saylı Uşaq evi sosial xidmət müəssisəsi normativ üzrə 95 yerlik olmaqla, valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət himayəsində yaşaması üçün yaradılmış bir müəssisədir.
Müəssisə 1976-cı ildə körpələr evi uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən Uşaq evi kimi fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 dekabr 2023-cü il tarixli 436 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Burada “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə xidmətlər göstərilir.
Sosial xidmət müəssisəsində uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətləri ilə təmin olunurlar. Uşaqlar yaş və cinsə uyğun olaraq qruplaşdırılırlar.
Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsi ilə aparılır. O cümlədən müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul edilir.
Ünvan: Bakı şəhəri Xətai rayonu Lütfüzadə, 38