Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi Sabunçu rayonu Ramana qəsəbəsində yerləşir.
Bu müəssisə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyasını həyata keçirir.
Mərkəz 1990-cı ilə qədər Ruhi-əsəb əlillər üçün 2 saylı internat evi, 1990-2015-ci illərdə Gənc Əlillərin Əmək və İstirahət evi, 2015-2020-ci illərdə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi və 2020-ci ilin avqust ayından etibarən Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi adlandırılıb.
Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi bu kateqoriyadan olanların sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür.
Burada kompüter montajı, montajçı operator, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.
Eləcə də qeyd olunan kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət satış sərgiləri təşkil olunur. Bu kimi addımların atılması onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır.
Müraciət qaydaları:
Mərkəzə ərizələri əsasında fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslər qəbul edilir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
3. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
4. Şəxsin əlilliyini müəyyən edən TSEK-in qərarı;
5. 3x4 ölçüdə 2 ədəd fotoşəkil;
6. Sosial Xidmətlər Agentliyinin filialları və ya “DOST” mərkəzləri tərəfindən göndəriş.
Müəssisənin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küçəsi, 14