Məzun evi sosial müəssisəsi

Məzun evi sosial müəssisəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi fəaliyyət göstərir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib.

Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər göstərilir.

Müəssisənin Nizamnaməsinə əsasən, burada yaşayan gənclərin ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları var. Müəssisə yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventarlarla təchiz edilib. 

“Məzun evi”nə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 ay müddətində müəssisə tərəfindən ödənilir. Müəssisənin nəzdindəki ictimai iaşə obyektlərində binada yaşayanların özlərinin işləməsi nəzərdə tutulub. Bundan əlavə, müəssisənin nəzdində xalça və tikiş sexləri yaradılıb ki, həmin sexlərdə, habelə müəssisənin kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar, internet zalları, camaşırxana və s. kimi ictimai iaşə obyektlərində məzunlar işlə təmin edilib.

Müəssisənin ünvanı: Abşeron rayonu, Masazır kəndi, "Duz zavodu" yolu, 2-ci massiv, ev 1,2 və 3