Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması üçün onlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyəti həyata keçirən publik hüquqi şəxsdir. Müəssisədə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanununa əsasən sosial xidmətə götürülmüş şəxslərə sosial-psixoloji, və tibbi-sosial xidmətlər göstərilir. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Şəxslərin cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması, sosial adaptasiyası məqsədilə sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi;
2. Şəxslərin hüquqlarının bərpa edilməsi üçün hüquqi yardımın, özlərinə və ailələrinə alınmış psixoloji travmanın aradan qaldırılması məqsədi ilə psixoloji yardımın, həmçinin informasiya yardımının göstərilməsi, sənədlərinin hazırlanmasına, itirilmiş sənədlərinin bərpasına köməklik göstərilməsi;
3. Peşə hazırlığı kursları vasitəsilə şəxslərin peşələrə yiyələnmələrinə köməklik göstərilməsi, məşğulluqlarının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;
4. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş çətin həyat şəraitində olan şəxslərin müvafiq ixtisaslaşdırılmış sosial xidmət müəssisələrinə qəbul edilməsinə köməklik göstərilməsi;
5. Mərkəzdə reabilitasiya prosesinə cəlb edildikləri müddətdə şəxslərin müvafiq yaşayış sahəsi və münasib yaşayış şəraiti ilə təmin edilməsi;
6. Müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi.  

 

Müəssisəyə qəbul qaydaları:

  1. Şəxsiyyəti təsdiq edən sənəd;
  2. Şəxsin penitensiar müəssisədə cəza çəkməkdən azad olunması haqqında arayış;
  3. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
  4. Şəxsin adına daşınmaz əmlakın olub-olmamasına dair arayış;
  5. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

 

Qeyd: Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları Mərkəzə qəbul olunmaq üçün penitensiar müəssisələrdə cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Agentliyin filiallarına ərizə ilə müraciət edirlər. Şəxslərin şəxsi istəklərinə əsasən və ya daxili intizam qaydalarının pozulması hallarında onlar sosial adaptasiya mərkəzindən vaxtından əvvəl çıxarıla bilərlər.

 

Müəssisənin ünvanı: Qobustan şəhəri, Dərəkənd yolunun sağ hissəsi