26.12.2023

1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov uşaqları bayram münasibətilə təbrik edib.
Sədr qeyd edib ki, bu il ərzində 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər üçün sosial xidmət müəssisələrində 400-ə yaxın uşaq dövlət qayğısı ilə əhatə olunub.
Agentlik tərəfindən bu kateqoriyadan olan uşaqlara stasionar və yarımstasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyaları təşkil edilir.
Tədbirdə Müəssisənin əməkdaşları və sakinləri tərəfindən “Küllücə” nağılı əsasında hazırlanan səhnəcik təqdim edilib. Uşaqların ifasında musiqi və rəqs nümunələri maraqla qarşılanıb. Yeni ilin simvolu sayılan Şaxta baba və Qar qız uşaqları çıxışları və bayram sovqatları ilə sevindirib.
Tədbir zamanı tanınmış müğənnilər Təranə Mahmudova, Ayaz Qasımov və sirk ustaları uşaqlarda xoş ovqat yaradıblar.