24.06.2024

15 rayonda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyətə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlarla bağlı layihəsi çərçivəsində 15 rayonda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyətə başlayıb.

Agentliyin sosial sifarişləri əsasında Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Şamaxı, Tərtər, Ağstafa, Qobustan, Balakən, Masallı, Daşkəsən, Bərdə, Yevlax, Saatlı, Göygöl rayonlarında yaradılan bu mərkəzlərdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstərilir.

Həmin uşaqlar və ailələri qeyd edilən mərkəzlərdə sosial-psixoloji, abilitasiya, ailəyə dəstək və maarifləndirmə xidmətlərindən yararlanırlar.  

Layihənin məqsədi əlilliyi olan uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə olunaraq, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. Layihə çərçivəsində əlilliyi olan 750 uşağa xidmətlərin göstərilməsi nəzərdə tutulur.