19.08.2024

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün master-klas keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün fotoqrafiya sənətinə həsr edilmiş master-klas keçirilib.

19 avqust - Dünya Fotoqrafiya Gününə həsr olunan master-klasda iştirakçılara fotoqrafiya sənəti, fotoqrafiyanın tarixi, janrları, həmçinin foto avadanlıqları haqqında məlumat verilib.

Xüsusi qayğıya ehtiyacı olan 20-dən çox uşağın iştirak etdiyi tədbir studiya çəkilişləri, qrup işləri və fərdi tapşırıqların yerinə yetirilməsi ilə yekunlaşıb.

Böyük marağa səbəb olan tədbir uşaqların asudə vaxtlarının mənalı keçirilməsi, onların psixoloji və emosional inkişafı, həmçinin sosial reabilitasiyasına dəstək məqsədi daşıyıb.