01.08.2024

18 yaşınadək əlilliyi müəyyən edilmiș şəxslər üçün sosial xidmət müəssisələrində "Rəngini yarat" adlı art terapiya layihəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiș şəxslər üçün sosial xidmət müəssisələrində "Rəngini yarat" adlı art terapiya layihəsinə start verilib.

Art terapiya rəssam Ramina Saadatxan tərəfindən keçirilir. Qeyd edək ki, art terapiya uşaqların düşüncələrini və hislərini kəşf etmələrinə kömək etmək üçün yaradıcı materiallar və üsullardan istifadə edilən bir terapiya formasıdır.

Layihənin məqsədi uşaqların ictimai inklüziyası və cəmiyyətə inteqrasiyası, onların emosiya və hislərini ifadə etməsi, həmçinin psixoloji və emosional inkişafına dəstək olmaqdır.

Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiș şəxslər üçün 2 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Müəssisədə uşaqlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət göstərilir, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir.