Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Parlayan ulduzlar” adlı inklüziv mədəni tədbir keçirilib.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan görüş Bakı Gənclər Mərkəzində təşkil edilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Vəliyeva, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, millət vəkilləri Aydın Mirzəzadə və Jalə Əliyeva, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva çıxış edərək 1 iyun tarixinin əhəmiyyətinə diqqət çəkiblər.
Çıxışlarda ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısı, onların sosial müdafiəsi və sosial xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlərdən danışılıb. Qeyd olunub ki, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə mühüm addımlar atılır.
Sonra Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin, xalçaçı-rəssam Fuad Musayevin və Agentliyin İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində reabilitasiyaya cəlb edilən uşaqların əl işləri və rəsm əsərlərinin nümayiş olunduğu sərgilərə baxış keçirilib.
18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ifasında müxtəlif rəqs, musiqi, bədii qiraət nümunələri təqdim edilib.
Obrazlı tamaşa və xalq rəssamı Kamil Əliyevin xalça eskizləri əsasında milli naxışlarımızı özündə əks etdirən geyimlərdə moda nümayişi xüsusi maraqla qarşılanıb.