20.11.2023

2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində maarifləndirici görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində maarifləndirici görüş keçirilib. 
“18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin hüquqlarının müdafiəsi” mövzusuna həsr olunan tədbir “Uşaq hüquqları” aylığı çərçivəsində təşkil edilib. 
Çıxışlarda uşaq hüquqlarının qorunması sahəsində yerli və beynəlxalq qanunvericilik sistemi, həmçinin müəssisədə göstərilən sosial reabilitasiya xidmətləri haqqında məlumat verilib. Bu prosesdə mütəxəssislərin rolu xüsusi vurğulanıb.  
Valideynlər müəssisə sakinlərinin ümumi sosial-psixoloji vəziyyəti ilə bağlı məlumatlandırılıb, bu kateqoriyadan olan uşaqlarla işin səmərəliyinin artırılmasında valideynlərin iştirakının vacibliyi diqqətə çatdırılıb. 
Sonra valideynləri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.   
İştirakçılar 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əl işlərinin sərgisi  və  sosial reabilitasiyanın təşkili ilə də tanış olublar.