19.01.2023

20 Yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində Hərb Tarixi Muzeyi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailələri, Qarabağ Müharibəsi əlilləri, həmçinin Agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilən ahıl şəxslər və Vətən Müharibəsi Əlilləri Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər.

20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş ziyarət çərçivəsində iştirakçılar əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib. Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edərək, məzarları üzərinə gül dəstələri qoyublar.

Azərbaycan Hərb Tarixi Muzeyində qonaqlara məlumat verilib ki, iki mərtəbədən ibarət muzeyin ekspozisiya və vitrinlərində Azərbaycanın hərb tarixi, hərb sənəti dövrlər üzrə əks olunur.

Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri nümayiş olunur.

Muzeylə tanışlıq qonaqlarda xoş təəssüratlarla yadda qalıb.