15.12.2023

2024-cü il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

İclasda 2023-cü il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasından istifadə vəziyyəti və 2024-cü il üçün hazırlanmış əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkənin əmək bazarında da inkişaf meyillərinin davamlı xarakter almasına imkan yaratdığını qeyd edib.

Növbəti il üçün də əmək miqrasiyası kvotasına dair təkliflərin ölkənin məşğulluq və demoqrafik inkişaf vəziyyəti, əmək ehtiyatları və əmək bazarında işəgötürənlərin işçi qüvvəsinə olan tələbatı ilə bağlı aparılmış təhlillər, əmək bazarı ilə bağlı proqnozlar əsasında hazırlandığını bildirib.

Təkliflərdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması zamanı yerli kadr potensialının səmərəli istifadəsi, əmək bazarında bacarıqların və kvalifikasiyaların artırılması, rəqabətədavamlı kadr potensialının formalaşdırılması, eləcə də ixtisaslı xarici işçi qüvvəsinin milli əmək ehtiyatları ilə əvəz edilməsi amillərinin əsas götürüldüyü vurğulanıb.

Bir sıra sahələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrə ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunmasının zəruriliyi, bununla yanaşı, ölkənin iqtisadi inkişaf tendensiyalarının, əmək bazarının inkişafı üzrə müasir çağırışların, yerli əmək ehtiyatlarının təhlillərinin, bu sahədə müvafiq proqnozların nəzərə alındığı qeyd edilib.

Müzakirələrin yekununda 2024-cü il üçün əmək miqrasiyası kvotasına, həmçinin, 2023-cü ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilmiş dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.