Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Suraxanı rayonunda yerləşən 282 nömrəli tam orta məktəbin şagirdləri üçün “Uşaq hüquqlarının müdafiəsinin onların psixososial inkişafına təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilən, 9, 10 və 11-ci sinif şagirdlərinin cəlb edildiyi görüşdə Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Agentliyin fəaliyyəti, “Təhsildə sosial iş” layihəsi, məişət zorakılığı və onun qarşısının alınması, məktəbli yaş dövrünün psixoloji xüsusiyyətləri və uşaq hüquqları, uşaq hüquqlarının müdafiəsi, həmçinin digər vacib istiqamətlərdə təqdimatlar edilib.
Bu kimi tədbirlərin əsas məqsədi uşaqların sosial müdafiəsi, onların hüquqlarının təmin edilməsi, uşaqlara diqqət və qayğının təşviqi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, həmçinin ailələrin də cəlb edilməsi yolu ilə bu sahədə məlumatlılığın artırılmasıdır.
Sonda şagirdlərin sualları cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.