Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən uşaqların valideynlərinə “Özünəxidmət bacarıqlarının formalaşdırılması” mövzusunda maarifləndirici təlim keçilib. Görüş zamanı valideynlərlə uşaqların özünəxidmət bacarıqlarının formalaşması, günlük yaşam, ünsiyyət və sosial bacarıqlarının öyrədilməsi istiqamətində müzakirələr aparılıb. Görüş interaktiv şəkildə davam edib, valideynlər mövzular ətrafında fikirlərini və təcrübələrini bölüşüb. Sonda iştirakçıların sualları cavablandırılıb.
İştirakçılara Sosial Xidmət Mərkəzində göstərilən xidmətlər barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər vasitəsilə 18 yaşınadək əlilliyi olan şəxslər reabilitasiya xidmətlərinə cəlb olunur. Mərkəz uşaqlara keyfiyyətli xidmət göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib.
Abşeron Sosial Xidmət Mərkəzində bu günədək 138 nəfər 18 yaşınadək əlilliyi olan şəxs reabilitasiya xidmətlərinə cəlb olunub.
Tədbirlərin məqsədi, bu sahədə məlumatlılığı artırmaqla uşaqlara diqqət və qayğının təmin edilməsi, onların sağlam və təhlükəsiz mühitdə inkişafına nail olmaqdır.