10.06.2024

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə tələbələr üçün ekskursiya təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə tələbələr üçün ekskursiya təşkil edilib. 
Ziyarətdə Xəzər Universitetində psixologiya ixtisası üzrə təhsil alan 30-dan çox tələbə iştirak edib. 
Tələbələrə müəssisənin fəaliyyəti, burada yaşayan ahılların sosial müdafiəsi və onlara göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilib. Ölkəmizdə ahıl şəxslərin hüquqlarının qorunması, onların sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. 
200-dək şəxsin yaşadığı Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Burada kitabxana, idman zalları, əl işləri hazırlamaq üçün emalatxanalar fəaliyyət göstərir. 
Görüşdə tələbələr ahıllarla həmsöhbət olub, onlarla birlikdə stolüstü və başqa  idman oyunları oynayıblar, həmçinin musiqi nömrələri təqdim ediblər.