04.12.2024

“Ahıl şəxslərlə sosial iş prosesində keys menecment” mövzusunda maarifləndirici tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Biznes Universitetində “Ahıl şəxslərlə sosial iş prosesində keys menecment” mövzusunda maarifləndirici tədbir keçirilib. 


Universitetin müəllim heyəti və “Sosial iş” ixtisasının 3-cü kurs tələbələrinin iştirak etdiyi görüşdə tədbirin əhəmiyyətinə diqqət çəkilib. 


Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli Agentliyin fəaliyyəti və ahıl şəxslərə göstərilən sosial xidmətlərdən danışıb. Çıxışlarda ahıl şəxslərlə sosial iş prosesində keys menecment alətlərindən istifadə haqqında məlumatlar verilib. 


Sonra təlimçilər tərəfindən tələbələrə təqdim olunan qrup işində onların tənha ahıl şəxslərə göstərilən evdə (səyyar) sosial-məişət xidməti ilə bağlı bilikləri yoxlanılıb. Qrup işinin sonunda iştirakçılara tənha ahıllara göstərilən sosial xidmətlər istiqamətində praktik tövsiyələr verilib. 

Sonda iştirakçıların sualları cavablandırılıb, eləcə də müzakirələr aparılıb.