20.12.2023

“Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial adaptasiyası və reabilitasiyası” mövzusunda növbəti onlayn görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə “Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial adaptasiyası və reabilitasiyası” mövzusunda növbəti onlayn görüş keçirilib. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov Agentlik tərəfindən bu kateqoriyadan olan şəxslərin sosial mühitə adaptasiyası məqsədilə göstərilən xidmətlər barədə ətraflı məlumat verib. 

Agentliyin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova  “Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından azad edilmiş və cəzasının təxirə salınmış şəxslərin sosial-psixoloji xidmətə tələbatının qiymətləndirilməsi”, Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva “Koordinasiyalı işin təşkili məqsədi ilə yaradılmış regional işçi qruplar tərəfindən ötən müddət ərzində görülmüş işlər” mövzularında təqdimatlar ediblər. 

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini Vüqar Ağayev və  Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəis müavini Nəvai Əlizadə bu istiqamətdə əməkdaşlığın müsbət nəticələrindən danışıblar. 
Sonra hər iki qurumun əməkdaşlarının iştirakı ilə məhkumların sosial adaptasiyası ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib, birgə fəaliyyətə dair tədbirlər planının hazılanmasının əhəmiyyəti vurğulanıb.