2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində “Açıq qapı” aksiyası və əlilliyi olan gənclərin əl işlərindən ibarət “Sərhədsiz sənətkarlar” sərgi-yarmarkası keçiriləcək.
Gənclərin asudə vaxtının səmərəli təşkili, onların ölkəmizin zəngin mədəni irsi ilə muzeylər vasitəsilə yaxından tanış olmaları məqsədilə həyata keçirilən “Açıq qapı” aksiyası 14-29 yaşlı Azərbaycan vətəndaşlarına şamil olunur. Sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə bu fürsətdən yararlanmaq mümkündür.
Əlilliyi olan gənclərin istedad və bacarıqlarının təbliği, dəstəklənməsi, ictimaiyyətin diqqətinin onların sosial müdafiəsinə yönəldilməsi məqsədilə təşkil olunan sərgi-yarmarkası da muzeydə gün ərzində davam edəcək.
Bununla yanaşı, həmin gün saat 15:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələrinin konserti keçiriləcək.
Silsilə tədbirlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.