Açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə keçdiyi inkişaf yolundan bəhs ediblər.
Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən paralimpiyanın inkişafına diqqət və qayğısı nəticəsində idmançılarımızın, tarixi qələbələr əldə etdiyi vurğulanıb.
Uşaq paralimpiyaçılarımızın da bu idman nailiyyətlərini uğurla davam etdirmək əzminə malik olduğu qeyd olunub. VIl Uşaq Paralimpiya İdman Oyunlarının da ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından önəmi diqqətə çatdırılıb, yarış iştirakçılarına uğurlar arzu edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində keçirilən oyunlarda 120 uşaq paralimpiyaçı iştirak edib. Onlar 5 idman növü (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, para-pauerliftinq) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıblar.
Bu idman oyunlarının keçirilməsində əsas məqsəd 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlb edilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etmək və paralimpiya idman növlərində çıxış edən peşəkar idmançılar yetişdirməkdir.