Prezident İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti belə tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində keçirilib.
Görüşdə Agentliyin mütəxəssisləri əvvəlcə "ASAN xidmət" mərkəzinin könüllülərini İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və onlara göstərilən xidmətlər barədə məlumatlandırıblar.
Qeyd olunub ki, 2022-ci ildə Yardım Mərkəzinin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən 84 şəxsin sosial reabilitasiyası işləri aparılıb. Bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə davamlı olaraq sosial dəstək tədbirləri həyata keçirilir.
Sonra insan alveri qurbanlarının məruz qaldığı istismar formaları və bu kimi hallarla qarşılaşmamaq üçün diqqət edilməli məqamlar barədə məlumat verilib.
Sonda mövzuya dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.