28.09.2024

Beynəlxalq Eşitmə və Nitq Məhdudiyyətli İnsanlar Gününə həsr edilmiş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetində reabilitasiyaya cəlb olunan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların iştirakı ilə “Səssiz səda, sonsuz ifadə” adlı tədbir keçirilib. 

Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə bildirilib ki, hər il dünyada sentyabrın son bazar günü Beynəlxalq Eşitmə və Nitq Məhdudiyyətli İnsanların Günü kimi qeyd edilir. Bu kateqoriyadan olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə ölkəmizdə də müxtəlif tədbirlər təşkil olunur. 

Sonra uşaqlar valideynləri ilə birgə Muzeyin “Azərbaycan 1920-1980-ci illər rəngkarlığı və qrafikası” zalına daxil olaraq müxtəlif rəsm əsərləri ilə tanış olublar. Muzeyin Səttar Bəhlulzadə adına zalında qonaqlar üçün Uşaq İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən İnklüziv Art Studiyanın rəhbəri və müəllimi Fuad Musayev tərəfindən art terapiya üzrə ustad dərsi keçilib. 

Görüşün məqsədi uşaqların ictimai inklüziyasına və cəmiyyətə doğru inteqrasiyasına, eləcə də onların emosiya və hisslərini ifadə etməsinə, psixoloji və emosional inkişafına dəstək olmaqdır.