Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə bu günün əhəmiyyətindən, əlilliyi olan şəxslərlə bağlı ölkəmizdə görülən işlər və həyata keçirilən layihələrdən danışılıb.
Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli Agentlik tərəfindən əlilliyi olan şəxslərə göstərilən xidmətlərdən danışıb. Bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması və onların sosial dəstək tədbirləri ilə əhatə olunması istiqamətində davamlı olaraq iş aparılır.
Təqdimatda tələbələrə Agentliyin müəssisələrinin fəaliyyəti, burada göstərilən sosial xidmətlər, həssas kateqoriyadan olan şəxslər üçün istifadəyə verilmiş mobil tətbiqlər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, əlilliyi olan şəxslərin daim diqqətdə saxlanması, asudə vaxtlarının səmərəli təşkili və yaradıcılıq imkanlarının genişləndirilməsi onların cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır.