07.11.2024

COP29 çərçivəsində insan kapitalının inkişafı, yaşıl iş yerləri, layiqli əmək, sosial müdafiə mövzuları geniş müzakirə olunacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ay Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə müxtəlif ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə insan inkişafı, yaşıl iş yerləri, hamı üçün layiqli əmək, sosial müdafiə mövzularında geniş müzakirələr aparılacaq.

Noyabrın 18-də keçiriləcək “İqlimə dayanıqlı gələcək üçün insan inkişafına investisiya” üzrə yüksək səviyyəli görüş iqlim dəyişikliyinə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşunda yaxşı təcrübələrin mübadiləsi, həmin sərmayələr üçün öhdəlikləri səfərbər edilməsi məqsədi daşıyacaq.

Nazirlərin, habelə müxtəlif ölkələrdən, BMT agentliklərindən və digər beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin bir araya gələcəyi tədbirdə iqlimə dayanıqlı iqtisadiyyata keçidin əmək bazarına təsirləri, insan kapitalının daha yaxşı sosial müdafiə və təkmilləşdirilmiş bacarıqlar vasitəsilə iqlim hadisələrinə dayanıqlılığının artırılması, insan inkişafının gücləndirilməsində təhsil, səhiyyə, iş və bacarıqlar arasında sinerji yaratmağın dəyərləri nəzərdən keçiriləcək. 

Məhsuldar məşğulluq və hamı üçün layiqli əmək, sosial dəstək mexanizmləri, iqlimə davamlı gələcək üçün insan inkişafına sərmayələr qoyulması sahəsində səylərin səfərbər edilərək gücləndirilməsi prioritet mövzular kimi diqqətdə saxlanacaq.

Həmin gün təşkil olunacaq “Yaşıl iş yerləri və bacarıqlar” adlı yüksək səviyyəli dəyirmi masada yaşıl iş yerləri üçün işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və məşğulluq, habelə həssas əhali qrupları üçün yaşıl iş yerlərinə çıxış imkanlarının yaradılması, bu sahələrdə əməkdaşlıq və daha önəmli  sərmayə qoyuluşu əsas müzakirə predmeti olacaq. 

“İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” adlı tədbirdə isə iqlim maliyyəsinin həssas qruplardan olan insanlara necə dəstək ola bilməsinə, sosial müdafiənin roluna dair müzakirələr aparılacaq.

 Noyabrın 20-21-də “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu”nun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə iqlim dəyişmələri və ədalətli keçid zamanı yaşıl iş yerləri, dayanıqlı müəssisələr və dairəvi iqtisadiyyat yanaşmalarını təşviq etmək üçün iqlim planlarının gücləndirilməsi, bu sahədə  bilik və təcrübə mübadilələrinin aparılması məsələləri əhatə olunacaq. Habelə maliyyə mexanizmləri və enerji sektorunda Beynəlxalq Əmək Təşkilatının ekoloji dayanıqlı iqtisadiyyata ədalətli keçidə dair Təlimatlarının tətbiqi və s. məsələlər müzakirə ediləcək.